Əmircan qəsəbəsi
Əmircan hal-hazırda şəhər tipli qəsəbədir və rəsmi məlumata görə 27500 nəfər əhalisi var.(Qeyri-rəsmi məlumatlara görə qəsəbədə 30000 artıq əhali yaşayır). Məlumdur ki, qədim insanlar məskən salarkən təbii şəraitin əlverişli, yaşayış üçün nisbətən rahat olmasına başlıca diqqət yetirmişlər. Belə yerlərdən biri də Əmircan ərazisi olmuşdur. Burada od, şirin su, duz toplamaq üçün şor göl və daldalanmaq üçün təbii mağaralar, zəngin bitki aləmi, bol ov hələ qədimdən insanları özünə cəlb etmişdi.
Əmircan Abşeron yarımadasının cənub-qərbində yerləşir. Dörd tərəfi təpələrlə əhatə olunmuş bu qədim kəndin özü də təpə üzərində salınmışdır.
Bu yaşayış məskəninin ilk adı Xilə olmuşdur. «Xilə» rəvayətə görə, bu yerləri özlərinə məskən seçmiş eyni adlı qəbilənin adından götürülmüşdür.
«Əmircan» «Əmirhacan» sözünün təhrif olunmuş formasıdır. «Əmirhacan» «hacılar əmiri» deməkdir. Bir vəzifə, rütbə kimi Ərəb xilafəti zamanı meydana gəlmiş «əmir» sözünün mənası böyük, başçı deməkdir.
Şirvan şahı və şeyxülislam o vaxtlar Xilənin adlı-sanlı adamlarından olan mülkədar Əmir Nizaməddini əmir təyin edir. Əmir Nizaməddin XIV əsrdə bütün Bakı mahalında tanınmış, savadlı, mütərəqqi fikirli şəxslərdən idi. Əmircan adı da məhz Əmir Nizaməddinin Əmirhac titulundan meydana gəlmişdir.
Çox qədim zamanlardan Xilə kəndinin ərazisindən karvan və araba yolu keçərmiş. Abşeron yarımadasının düz ortasından keçən bu yol XIX əsrə qədər Pirallahıdan Bakıya gedən yeganə karvan yolu olmuşdur. Xilənin içərisindən keçdiyinə gör bu yola bəzən Dərxilə (Xilə qapısı) deyərmişlər. Hazırda bu yolun bir hissəsi Bakıxanov və 8-ci kilometr qəsəbələrində, Suraxanı mədən yolu və indiki Binə-Mərdəkan şossesi hissəsində qalıb.
Ağ neft Əmircanın ən mühüm təbii sərvətlərindən biri olmuşdur. Kəndin «Şor» (mədən) adlanan hissəsində çıxarılan duz, dadı və təmizliyi ilə məşhur imiş. Ona görə də bu «şor»dan çıxarılan duz tezliklə satılar və yaxşı qazanc gətirərdi. Duzu mədəndən adətən iyul ayında yığardılar. Təsadüfi deyil ki, bəzən xalq bəzən bu aya «duz ayı» da deyirdi. Duzu qurutduqdan, işlənmək üçün yaralı hala saldıqdan sonra Şərq ölkələrinə, eləcə də Rusiyanın şimal şəhərlərinə göndərərdilər.
Əmircanlılarda lap qədimdən sənətə meyl olmuşdur. Bu qədim sənət növlərindən biri xalçaçılıqdan ibarət idi. Əmircanlıların toxuduğu Xilə, Xiləputa, Xilə-Əfşan xalçaları dünya bazarlarında yüksək qiymətləndirilirdi. Moskvada Dövlət Tarix muzeyində XVIII əsrdə toxunmuş Xiləputa xalçası saxlanılır.
Böyük Vətən Müharibəsi illərində yüzlərlə əmircanlı oğlan və qızlar da düşmənə qarşı vuruşmaq, öz vətənpərvərlik borcunu yerinə yetirmək üçün cəbhəyə yola düşdülər. Əmircan fəhlələri cəbhəni yanacaq, silah, hərbi sursat, paltar və sairə təmin etmək, faşizm üzərində qələbə çalmaq üçün gecə-gündüz əmək növbəsində dururdular. Böyük Vətən müharibəsində həlak olmuş Əmircanlıların xatirəsinə qəsəbənin mərkəzində abidə ucaldılıb.
Qarabağ uğrunda gedən döyüşlərdə də mərd Əmircan oğul-qızları fədakarlıqla erməni qəsbkarlarına qarşı vuruşmuş, misilsiz qəhrəmanlıqlar göstərmişlər. Bu döyüşlərdə 63 əmircanlı şəhid olub, qəsəbədəki «Şəhidlər xiyabanı»nda uyuyurlar. Onların əziz xatirəsinə qəsəbənin bir sıra küçələri, məktəbləri, uşaq bağçaları və s. adlandırılıb.
XIX əsrin son rübündə kəndin kənarında salınan dəmir yolu iqtisadi inkişafa təkan verdi. 1873-cü ildə Bakıda dar xətli dəmir yolu çəkilməsi üçün Abşeron şirkəti təşkil olundu. 1880-ci il yanvarın 20-də Bakını Balaxanı-Sabunçu-Suraxanı ilə birləşdirən həmin yol işə salındı.
90-cı illərin ikinci yarısından başlayaraq Bakı-Sabunçu-Suraxanı dəmiryol xətti ilə gündə 6 sərnişin qatarı fəhlələri mədənlərə, yaşayış məntəqələrinə çatdırırdı. Bu yolun çəkilməsində də əmircanlıların əməyi az olmamışdır. Dəmir yolunun işə salınması ilə əlaqədar şəhər ilə ticarət əlaqələri artır, inkişaf edirdi.
Mədəniyyət və tarixi abidələr
Əmircanda yerləşən Atəşgah məbədi Azərbaycan xalqının simvollarından biridir. Rəvayətə görə, Makedoniyalı İsgəndər Zülqərneyn Azərbaycana yürüşü zamanı (eramızdan əvvəl təxminən 335-325 illər arasında) Atəşgahı dağıtmışdır. İrandan qovulmuş atəşpərəstlər isə 636-cı ildə Atəşgahı bərpa etmişlər. Yeddi il sonra Ərəb xilafəti zamanı Atəşgah yenidən dağıdılmışdır. Sonralar yenə də atəşpərəst hind tacirləri Atəşgahı bərpa edib, orada ibadətlə məşğul olmuşlar.
Atəşgah haqqında çoxlu mənbələrin olması bu abidə barəsində tam təsəvvür yaratmağa imkan verir. Bu yazılı mənbələrin əsasında bir neçə məqalə, əsər yazılsa da, ən dəyərlisi və ümumiləşdiricisi tanınmış tarixçi-alim S.B.Aşurbəylinin 1990-cı ildə çapdan çıxmış «Orta əsrlər Azərbaycanın Hindistanla iqtisadi və mədəni əlaqələri» əsəridir və onun qısa xülasəsi ondan ibarətdir ki, hələ çox qədim zamanlarda Suraxanı qaz çıxıntınları bura insanları cəlb etmiş, oda sitayiş dövrlərində məbədləri inşa edilmiş, ərəblərin gəlişi dövrlərində isə islamın yayılması bu «küfr» ocaqlarını ləğv etmişdir. Müqəddəs odun sorağıyla bura axışan insanlar hindlilərin etiqadlarını davam etdirir və bu ərazidə memarlıq kompleksi yarada bilmişlər.
Atəşgahın ən qədim yazısı 1713-cü, ən son yazısı isə 1827-ci ilə aid edilir. Təkçə bir yazı (8№-li otağın üstündəki) fars dilindədir, qalan yazılar isə hindustani dilində qurmuki əlifbası ilə yazılmışdır. Bütün yazıların ilk cümlələri sanskrit dilindədir, Müdriklik allahı Qaneşeyə təriflə başlayır.
Atəşgah məbədi bir tarixi abidə kimi Dövlət tərəfindən qorunur və burada yaradılan muzeyə hər gün dünyanın müxtəlif yerlərindən onlarla turist gəlir.
Kəndin ən qədim tarixi abidələrindən biri XIV əsrdə tikilmiş Nizaməddin məscididir. Bu memarlıq abidəsini Əmir Nizaməddin Kəsrani Şirvanşahlar dövləti dövründə tikdirməyə başlamışdır. Elmi mənbələr, kitabələr daha etibarlı şəkildə göstərir ki, kəndin Əmircan adlanması XIV əsrə aiddir. Hazırda Nizaməddin məscidi dövlət tərəfindən memarlıq abidəsi kimi qorunur.
Mühafizə edilən abidələrdən biri də Əmirhac türbəsidir. Türbə kiçik tağlı bir binadan ibarətdir.
Kəndin ərazisi mədəni abidələrlə, mağaralarla zəngin olub. Belə mağaralardan biri də indiki Bakıxanov dağının ətəyində idi. Rəvayətlərdən məlum olur ki, burada iki kaha varmış. Bunların birində yüzlərlə adam tuta biləcək və at batlamaq üçün xüsusi yerlər düzəldilibmiş. Burada onları içməli su ilə təmin etmək üçün daşdan yonulmuş su anbarlarından istifadə edilərmiş. Tayfalar, kəndlər arasında iğtişaşlarda yüzlərlə adamı ölümdən qurtaran bu mağaranın ikinci salonu çox geniş və dərindir.
Kənddə memarlıq sahəsində də böyük müvəffəqiyyətlər əldə edilmişdir. 1908-ci ildə Əmircanlı neft milyonçusu Murtuza Muxtarovun sifarişi ilə Zivərbəy Əhmədbəyovun layihəsi əsasında qoşa minarəli məscid inşa edilmişdir.
Z.Əhmədbəyov ilk ali təhsilli azərbaycanlı memar olmuşdur. O, Bakı Quberniya idarəsində çalışmış, sonralar isə Bakı şəhərinin baş memarı olmuşdur. Əmircan qəsəbəsindəki 40m hündürlüyündə olan bu məscidi isə Şərq memarlığının incisi adlandırılır. Azərbaycanın heç bir yerində bu hündürlükdə məscid yoxdur. Məscidi əmircanlı ustad sənətkar Kərbəlayi Əhməd Səməd oğlu tikmişdir. İkinci ustad sənətkar isə Mirzə Məlik Abbasqulu oğlu olmuşdur. Onun kənddə tikdiyi Məhəllə məscidi, Binə kəndində tikdiyi məscid, mədəniyyət evi təqdirəlayiq memarlıq nümunələrindəndir.
Qəsəbənin tanınmış şəxsiyyətləri
Abbasqulu Ağa Bakıxanov- Azərbaycan xalqının görkəmli simalarından biri 1794-cü il iyulun 3-də anadan olmuşdur. O, sonuncu Bakı xanı II Mirzə Məhəmmədin oğludur. El onu Qüdsi deyərək çağırmışdır. Çar ordusunun polkovniki rütbəsində olub. O, XIX əsrin birinci yarısında görkəmli Azərbaycan tarixçisi, maarifpərvəri, yazıçısı və şairi, Azərbaycan tarixinə həsr olunmuş ilk «Gülüstani-irəm» elmi-tədqiqat əsərinin müəllifidir. Həmin əsərdə A.Bakıxanov Azərbaycanın və Dağıstanın tarixini gözəl tədqiq edib. Bir çox dünya klassiklərinin əsərlərinin tərcüməsi ilə də məşğul olmuşdur.
Bakıxanovlar nəsli indi də yaşayıb-yaradır. Məmmədxan Bakıxanov gözəl tarzən idi. Xalqımız Azərbaycanın xalq artisti, musiqimizin mahir bilicisi Əhməd Bakıxanovun adını həmişə iftixar hissi ilə çəkir. Bəstəkar Tofiq Bakıxanov, Zifər xanım Bakıxanova və Məmmədrza Bakıxanovlar bu gün də Azərbaycan musiqisini sevə-sevə təbliğ edirlər.
Hal-hazırda Əmircanda A.Bakıxanovun adına böyük kitabxana, küçə və bir xiyaban var, burada onun xatirəsinə abidə ucaldılıb.
Mirzə Axund Əbu Turabi Əmircanın mütərəqqi fikirli adamlarından biri olmuşdur. O, Bağdadda ali ruhani məktəbini bitirmiş, riyaziyyat, təbiət, coğrafiya, ədəbiyyat, məntiq elmlərini, ərəb, fars, türk, rus dillərini mükəmməl bilmişdir. Onun təşəbbüsü ilə kənddə birinci qızlar mollaxanası açılmışdı. Mirzə Axund Turabi həmişə gələcək nəslin qayğısını çəkmiş, onları oxumağa, savad qazanmağa çağırmışdır.
Muxtarov Murtuza XIX əsrin ortalarında Əmircanda anadan olub. Neft sənayeçisi və milyoner olub. Əmək fəaliyyətinə adicə fəhləlikdən başlayan M.Muxtarov sonralar neft emalı texnologiyasını bilən mahir bir mühəndisə çevrilib. 1890-cı ildə onun tərəfindən yaradılan kontor qazma avadanlıqlarını təkmilləşdirərək Abşeronda 1100m dərinlikdə neft quyuları qazmağa başladı.
XIX əsrin sonunda o, Bibiheybətdə və Rusiyada ilk neft qazma avadanlıqlarını istehsal edən iri zavodlar tikdirmişdir.
M.Muxtarov xeyriyyəçiliklə də məşğul olmuşdur. Onun sərmayəsi ilə neçə gənc xaricdə öz təhsilini davam etdirmiş, layiqli mütəxəssis olaraq vətənə qayıtmışdır. O, 1908-ci ildə Zivərbəy Əhmədbəyovun layihəsi əsasında Əmircanda qoşaminarəli məscid tikdirmiş və bu gün həmin məscid onun adını daşıyır. M.Muxtarov Bakıda, Kislovodskidə, Florensiyada, Rusiyanın və Avropanın bir sıra şəhərlərində memarlıq sənətinin gözəl incilərindən olan binalar tikdirmişdir. Bakının abadlaşdırılmasında M.Muxtarovun böyük əməyi və sərmayəsi olmuşdur.
Əsədullayev Şəmsi 1841-ci ildə kasıb bir ailədə anadan olmuşdur. O, neft sənayeçisi və milyoner olub. Suraxanı, Sabunçu və Ramanada qazdırdığı onlarla neft quyusu ona böyük qazanc gətirib. Elm və mədəniyyətin təbliğatçılarından olan Ş.Əsədullayevin şəxsi vəsaiti hesabına onlarla istedadlı azərbaycanlı gənc Almaniya, Fransa, Varşava, Qazan, Kiyev, Moskva, Odessa, Peterburqda təhsil alıb. Tiflisdəki Aleksandrov Müəllim institutunun himayədarı olub.
Zeynalov Zeynal (1876-1935) - buruq ustası işləmiş, rus inqilabının fəalı olmuş, “Hümmət”, “İrşad” qəzetlərində əməkdaşlıq etmiş, 1907-ci ildə Dövlət Dumasının deputatı seçilmişdir.
Sumbatzadə Əlisöhbət Sumbat oğlu – (1907-1992) Akademik. 1926-1930- cu illərdə Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsini bitirmiş,1930-cu ildə namizədlik, 1948-ci ildə doktorluq dissertasiyalarını müdafiə etmiş, professor, AEA- nın müxbir üzvü, həqiqi üzvü, AEA-nın vitse- prezidenti seçilmiş, Yaxın və Orta Şərq Xalqları İnstitutunun direktoru vəzifəsində çalışmışdır.
Quliyev Piri (1872-1938) – Suraxanıda bir çox neft quyularının qazılması bilavasitə onun adı ilə bağlıdır. Ömrünün çoxunu qazma ustası kimi işləmişdir.
O, sürətli qazma metodunun təşəbbüskarı idi. Usta Pirinin qızı Sona Nuriyeva isə ilk azərbaycanlı təyyarəçi qadın olub.
Adlı-sanlı ustalardan Məmmədəli Paşayev, Piri Quliyev, Əmbiyə Əliyev, Əlimirzə Eynulla oğlu, Baba Cənnətəli oğlu, usta Mehdixan və başqalarının Azərbaycan neft sənayesinin inkişafında böyük zəhməti olmuşdur. Onlar hələ texnikanın lazımi səviyyədə olmadığı dövrdə təcrübələri, əməli təklifləri ilə neft quyularının qazma sürətini artırmışlar.
Azərbaycanın xalq rəssamı, lirik mənzərə janrının banisi Səttar Bəhlulzadə 1909-cu ildə Əmircanda dünyaya göz açmış və indi də Əmircan torpağında uyuyur. Rəssam yaratdığı tablolarda təbiətin müxtəlif hadisələrini və rəngarəng gözəlliyini inandırıcı boyalarla verib. Onun əsərləri dəfələrlə respublikada, eləcə də Rusiya, Misir, Livan, Suriya, Tunis, Norvec, Almaniya, Kanada, Belçika, Fransa, Yaponiya, İraq, Kuba və başqa ölkələrdə keçirilən beynəlxalq sərgilərdə nümayiş etdirilib və bir çox dünya muzeylərində özünəməxsus yer tutub.
Hüseynov Əbdül Ənbiyə oğlu – alim, şərqşünas, yazıçı, tarixçi 1925-ci ildə anadan olub. O, 400-dən artıq elmi-publisist əsər, monoqrafiya və kitabların müəllifidir. Onun ssenarisi əsasında bir çox filmlər ekran üzü görüb.
Ə.Hüseynovun əsərləri müxtəlif dillərə tərcümə olunaraq, Almaniyada, Bolqarıstanda, İranda, Monqolustanda, Türkiyədə və bir çox dünya ölkələrində nəşr olunub. Moskva Dövlət Universitetinin müəllimi olub. Əbdül Hüseynov Azərbaycan Yazıçılar Birliyinin üzvü və Əmircanın fəxri sakinidir. O, hal-hazırda Moskvada yaşayır.
1934-cü ildə anadan olmuş Tofiq Bayram respublikamızın istedadlı lirik şairlərindəndir. Tofiq Bayram vətənpərvərlik, məhəbbət haqqında gözəl şerlər müəllifidir. «Gərək elə yanım», «Azərbaycan deyəndə», «Səninlə görüşəndə», «Əsrin oyunu», «Könlümdə yaşayanlar», «Məsləkim, silahım» və bir sıra şer kitablarının müəllifidir. Tofiq Bayram 1991-ci ildə vəfat edib, qəsəbədə böyük bir küçəyə və parka onun adı verilmişdir.
Kazımov Tofiq Səməd oğlu -1923-cü ildə Əmircanda anadan olmuş, Əzizbəyov adına Azərbaycan Dövlət Dram Teatrının baş rejissorudur.
GO TO HAYDAR ALIYEV CENTER
LINKS
TODAY'S VOTING
Yenidənqurma işlərdən ən çox bəyəndiyiniz nədir?
WEATHER




COUNTER






![]() | Bu gün | 92 |
![]() | Dünən | 369 |
![]() | Bu həftə | 1327 |
![]() | Keçən həftə | 2796 |
![]() | Bu ay | 3369 |
![]() | Bu günə kimi cəmi | 125037 |








